ABŞ-da federal hakim Donald Tramp administrasiyasının 75 ölkənin vətəndaşlarının immiqrant viza müraciətlərini dayandıran siyasətini qanunsuz hesab edərək ləğv edib.
Nyu-Yorkdakı ABŞ Dairə Məhkəməsinin hakimi Jeannette Vargas bildirib ki, ABŞ Dövlət katibi Marko Rubionun tətbiq etdiyi siyasət qanunla müəyyən edilmiş səlahiyyətləri aşır.
Qərara əsasən, siyasət İmmiqrasiya və Vətəndaşlıq Qanununa ziddir.
Hakim qeyd edib ki, viza müraciətlərinin qiymətləndirilməsi konsulluq əməkdaşlarının səlahiyyətindədir. Ölkə vətəndaşlığına əsasən müraciətlərin avtomatik dayandırılması isə qanunvericiliyə uyğun deyil.
Vargasın sözlərinə görə, Konqres konsulluq əməkdaşlarına viza müraciətlərini qanunda nəzərdə tutulan meyarlar əsasında fərdi şəkildə qiymətləndirmək səlahiyyəti verib.
75 ÖLKƏNİN VƏTƏNDAŞLARINA ŞAMİL EDİLİRDİ
ABŞ Dövlət Departamenti daha əvvəl 75 ölkədən olan vətəndaşların immiqrant viza müraciətlərinin dayandırılması barədə göstəriş vermişdi.
Qərar “ictimai yük” hesab edilə biləcək şəxslərlə bağlı viza qaydalarının sərtləşdirilməsi çərçivəsində qəbul edilmişdi.
ABŞ tərəfi həmin ölkələrdən gələn immiqrantların yaşadığı ailələrdə dövlət yardımından istifadənin yüksək olduğunu əsas gətirmişdi.
Məhkəmə isə administrasiyanın bu siyasətinin qanuni səlahiyyətləri aşdığı qənaətinə gəlib.

