Xəbər Yerində xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin liderləri ilə görüş keçirib.
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutan toplantının əsas mövzularından biri İran olub. Görüşdə təxminən yeddi aydır davam edən müharibənin dayandırılması və Tehranla aparılan danışıqlar müzakirə edilib.
Toplantıda Türkiyə ilə yanaşı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Omanı təmsil edən şəxslər iştirak ediblər. Misir, Suriya, İraq və Livandan da liderlərin və ya xarici işlər nazirlərinin görüşə qatıldığı bildirilib.
Donald Tramp ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqların “çox məhsuldar” olduğunu və tərəflərin razılığa gəlməsi istiqamətində ciddi irəliləyişin olduğunu bildirib.
ABŞ Prezidenti İranla bağlı böhranın nə vaxt başa çata biləcəyinə dair sualı cavablandırarkən 3 noyabrda keçiriləcək Konqresə aralıq seçkilərindən sonrakı dövrə işarə edib.
Tramp razılaşmanın seçkilərdən əvvəl də əldə oluna biləcəyini söyləsə də, prosesin necə inkişaf edəcəyinin hələ dəqiq olmadığını vurğulayıb.
Bununla yanaşı, ABŞ Prezidenti razılaşma əldə edilməyəcəyi təqdirdə İrana qarşı hərbi təzyiqin davam etdirilə biləcəyini bildirib. O, həmin gün BMT Baş Assambleyasındakı çıxışında da Tehranla anlaşmanın əldə olunmamasının ciddi hərbi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

