Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türk Dövlətləri Təşkilatının (TDT) regional və qlobal miqyasda sülhün, əmin-amanlığın və ədalətin təmin olunmasına töhfə verəcək mühüm aktor olduğunu bildirib.
Xəbər Yerində Musavat.com-a istinadən xəbər verir ki, Baxçalı formalaşacaq “Türk qurşağı”nın türk dövlətləri və icmaları arasında dialoq və əməkdaşlığı gücləndirəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu proses “Türk əsri” və “Türkiyə əsri” hədəflərinin reallaşmasına da töhfə verəcək.
MHP sədri qeyd edib ki, müstəqillik və suverenlik prinsipləri əsasında mövcud imkanlardan yararlanan türk dövlətləri müasir dövrün güclü aktorlarına çevriləcəklər.
Baxçalı, həmçinin oktyabrın 29-30-da Türkiyənin ev sahibliyi edəcəyi TDT-nin 13-cü zirvə görüşünə diqqət çəkib. O bildirib ki, həmin günlərdə türk dünyasının diqqəti Ankaraya yönələcək.
“Türk dünyası olaraq birlikdə Cümhuriyyətimizin 103-cü ildönümünü qeyd edəcək, bununla da birliyimizi və həmrəyliyimizi həm dostlara, həm də düşmənlərə bir daha nümayiş etdirəcəyik”, – deyə Baxçalı vurğulayıb.
İlham Əliyev Ankara sammitində iştirak edəcəkmi?
Azərbaycanın ictimai-siyasi gündəmində müzakirə olunan məsələlərdən biri də Prezident İlham Əliyevin oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT zirvə görüşündə iştirak edib-etməyəcəyidir. Görüş ərəfəsində mümkün siyasi gərginliklə bağlı suallar da gündəmə gətirilir.
Bu və digər aktual məsələlər bu gün saat 11:00-da aparıcı Sevinc Telmanqızının təqdimatında yayımlanacaq “Canlı debat” verilişində müzakirə olunacaq. Verilişin qonağı siyasətçi Nemət Pənahlıdır. Tamaşaçılar da müzakirəyə qoşula bilərlər.

