Türkiyədə iki ticarət gəmisi toqquşdu: 10 nəfər itkin düşüb-Foto

Türkiyədə iki ticarət gəmisi toqquşdu: 10 nəfər itkin düşüb-Foto

Türkiyənin Mərmərə dənizində iki ticarət gəmisinin toqquşması nəticəsində bir gəmidəki 10 nəfərlik heyətlə əlaqə kəsilib.

Hadisə sentyabrın 2-də gecə saat 03:15 radələrində İstanbulun Silivri sahillərindən təxminən 18 dəniz mili cənubda baş verib. Türkiyə bayrağı altında üzən “Alsu” və “Tuğberk İmamoğlu” adlı ticarət gəmiləri toqquşub.

Məlumata görə, “Alsu” Kocaelidən Əliağaya, “Tuğberk İmamoğlu” isə İskəndərun limanından Karadeniz Ereğliyə doğru hərəkət edib.

Toqquşmadan sonra “Tuğberk İmamoğlu” gəmisindən heç bir cavab alınmayıb. Gəmidəki 10 heyət üzvünün mobil telefonlarına edilən zənglər də cavabsız qalıb. Gəminin batdığı ehtimal edilir.

İlkin yoxlama zamanı “Alsu” gəmisində gözlə görünən ciddi zərər aşkarlanmayıb.

Hadisə yerinə Sahil Mühafizəsi, Kıyı Emniyeti və digər qurumların çoxsaylı dəniz vasitələri, həmçinin helikopterlər cəlb olunub. Türkiyə Hərbi Dəniz Qüvvələri də axtarış-xilasetmə əməliyyatına dəstək üçün bölgəyə İHA, freqat, iki gəmi və hücum katerinin göndərildiyini açıqlayıb.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, batan gəminin olduğu ərazidə dənizin dərinliyi təxminən 800-900 metrdir. Hazırda 10 nəfərlik heyətin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisə ilə bağlı Silivri Cumhuriyet Başsavcılığı tərəfindən araşdırmaya başlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir