Türkiyədə üç evi əhatə edən yanğında 2 yaşlı uşaq ölüb

Türkiyədə üç evi əhatə edən yanğında 2 yaşlı uşaq ölüb

Türkiyənin Karabük vilayətində yaşayış evində baş verən yanğın faciə ilə nəticələnib. Hadisə zamanı evdə tək olan 2 yaşlı uşaq həyatını itirib.

Türkiyə KİV verdiyi məlumata görə, Davutlar kəndinin Kadıoğlu məhəlləsində 60 yaşlı A.Ç.-yə məxsus birmərtəbəli evdə hələlik naməlum səbəbdən yanğın başlayıb. Alov qısa müddətdə yaxınlıqdakı N.E. və S.E.-yə məxsus yaşayış evlərinə də keçib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları, jandarma, AFAD, yanğınsöndürmə xidmətinin əməkdaşları və Meşə Təsərrüfatı İdarəsinin texnikaları cəlb olunub.

Yanğın xilasedicilərin müdaxiləsi nəticəsində nəzarət altına alınsa da, hadisə zamanı evdə tək qalan 2 yaşlı B.A.K.-nin həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlının meyiti hadisə yerində aparılan ilkin araşdırmalardan sonra məhkəmə-tibbi ekspertizası üçün Karabük Təhsil və Araşdırma Xəstəxanasının morquna təhvil verilib.

Hadisə yerinə gələn Karabük İl Ümumi Məclisinin sədri Ahmet Okan Kirman və AFAD-ın vilayət üzrə rəhbəri Mustafa Avcı aidiyyəti qurumların nümayəndələrindən baş vermiş hadisə ilə bağlı məlumat alıblar.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir