Rusiyanın Rostov vilayəti Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə hücumuna məruz qalıb. Hücum nəticəsində iki nəfər ölüb, beş nəfər isə yaralanıb.
Bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib. Onun sözlərinə görə, həlak olanlar ər-arvaddır. Yaralılar arasında bir yeniyetmə də var və iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Qubernator bildirib ki, hücum nəticəsində Rostov-na-Donu şəhərinin Jeleznodorojnı, Proletarski və Leninski rayonlarında yaşayış evləri, anbarlar, özəl müəssisə və avtomobillərə ziyan dəyib. PUA qalıqlarının düşməsi nəticəsində bir neçə nöqtədə yanğın baş verib.
Məlumata görə, yanğınların əksəriyyəti söndürülsə də, xilasedicilər təxminən 400 kvadratmetrlik ərazidə alovun tam lokallaşdırılması istiqamətində işləri davam etdirirlər.
Yuri Slyusar əlavə edib ki, hazırda Taqanroq şəhəri istiqamətində mümkün hava hücumunun qarşısının alınması üçün hava hücumundan müdafiə qüvvələri gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Mənbə: Apa



