Xətai rayonunda yeniyetmənin ölümü ilə bağlı araşdırma aparılır – “Roblox” detalı

Xətai rayonunda yeniyetmənin ölümü ilə bağlı araşdırma aparılır – “Roblox” detalı

Xəbər Yerində xəbər verir ki, sentyabrın 13-də Bakının Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma başlanılıb.

Baş Prokurorluğun məlumatına görə, ilkin araşdırmalar zamanı yeniyetmənin hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib.

İstintaq çərçivəsində yeniyetmənin “Roblox” platformasında qarşılaşdığı və onun psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcək məzmun və çağırışların hadisə ilə əlaqəsinin olub-olmadığı araşdırılır.

Hazırda yeniyetmənin elektron cihazları vasitəsilə daxil olduğu internet resursları, qarşılaşdığı materialların məzmunu və bunların onun davranışına mümkün təsiri də araşdırma predmetidir.

Baş Prokurorluq hadisənin bütün səbəb və hallarının müəyyənləşdirilməsi istiqamətində prosessual tədbirlərin davam etdirildiyini bildirib. Araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.

Qurum valideynlərə uşaqların internet və sosial platformalardan istifadəsinə daha diqqətlə yanaşmağı tövsiyə edib. Xüsusilə uşaqların hansı platformalardan istifadə etməsi, hansı məzmunlarla qarşılaşması və elektron cihazlarda təhlükəsizlik imkanlarının aktivləşdirilməsi məsələlərinə diqqət yetirilməsi vurğulanıb.

Bununla yanaşı, uşaqların davranış və gündəlik vərdişlərindəki dəyişikliklərin vaxtında nəzərə alınmasının, onları narahat edən məsələlər barədə açıq ünsiyyət qurulmasının vacibliyi qeyd olunub.

Baş Prokurorluq internetdə uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcək və təhlükəli davranışlara sövq edən məzmunlardan qorunmaq üçün valideyn nəzarətinin gücləndirilməsinə çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir