BDYPİ-dən yeni tədris ili ilə bağlı sürücülərə və valideynlərə çağırış-VİDEO

BDYPİ-dən yeni tədris ili ilə bağlı sürücülərə və valideynlərə çağırış-VİDEO

Xəbər Yerində xəbər verir ki, yeni tədris ilinin başlaması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi şagird, tələbə, müəllim və valideynlərə müraciət edib.

BDYPİ yeni dərs ili münasibətilə təhsil ictimaiyyətinə uğurlar arzulayıb və yollarda təhlükəsizlik qaydalarına daha ciddi əməl etməyin vacibliyini diqqətə çatdırıb.

Qeyd olunub ki, məktəblərdə dərslərin başlaması səhər və axşam saatlarında nəqliyyatın hərəkətində sıxlığın artmasına səbəb ola bilər. Xüsusilə məktəb və bağçaların ətrafında sürücülərdən daha diqqətli davranmaları tələb olunur.

Polis sürücülərə təhsil müəssisələrinə yaxın ərazilərdə sürəti azaltmağı və piyada keçidlərindən istifadə edən uşaqlara xüsusi diqqət göstərməyi tövsiyə edib. Həmçinin avtomobillərin ikinci cərgədə, piyada keçidlərinin üzərində və digər hərəkət iştirakçılarına mane olacaq ərazilərdə saxlanılmaması bildirilib.

Valideynlərə də xəbərdarlıq edilib. Uşaqları məktəbə aparıb-gətirən zaman avtomobillərin yalnız dayanmağa icazə verilən və təhlükəsiz ərazilərdə saxlanılması tövsiyə olunub. Bundan başqa, uşaqların avtomobildən səki tərəfdən düşüb-minməsinə diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Şagirdlərə isə yolu yalnız piyada keçidləri və digər müəyyən edilmiş keçidlərdən keçmək, avtomobillərin arasından qəfil yola çıxmamaq tövsiyə olunub. Yolda hərəkət zamanı mobil telefon və qulaqlıqdan istifadə kimi diqqəti yayındıra biləcək davranışlardan çəkinmək də vacibdir.

BDYPİ bildirib ki, uşaqların yol hərəkəti qaydalarına münasibətində valideynlərin davranışı mühüm rol oynayır. Buna görə də böyüklərin qaydalara nümunəvi şəkildə əməl etməsi xüsusi əhəmiyyət daşıyır.

İdarə yeni tədris ilinin ilk günlərindən etibarən bütün hərəkət iştirakçılarını yollarda səbirli, diqqətli və məsuliyyətli olmağa çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir