Bakıda xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilən xalçaların geri qaytarılmaması və müştərilərdən əvvəlcədən alınan pulların mənimsənilməsi ilə bağlı polisə çoxsaylı şikayətlər daxil olub.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Dəyanət Əhədov saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, o, vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etsə də, üzərinə götürdüyü sifarişləri yerinə yetirməyib.
Təhvil alınan xalçaların bir hissəsi Binə qəsəbəsi ərazisində yerləşən anbarlarda aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisə üzrə istintaq araşdırmaları davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Binə qəsəbəsində çoxlu sayda xalçanın qalaq şəklində yığıldığını əks etdirən görüntülər yayılmışdı. Paylaşımlarda iddia olunurdu ki, xalçaların təmizlənməsi üçün müştərilərdən pul alınsa da, sonradan onları təhvil alan şəxs telefon zənglərinə cavab verməyib.

