Xalq artisti, görkəmli teatr və kino aktyoru, rejissor Tofiq Mirzəyev ömrünün son illərini yaşadığı İsrailin Arad şəhərində torpağa tapşırılıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və mərhumun oğlu iştirak edib.
Mərasimdə çıxış edən “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman Azərbaycan icması adından Tofiq Mirzəyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. O, sənətkarın Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən, Vətəndən uzaqda yaşasa da, Azərbaycanla bağlılığını hər zaman qoruyub saxlamasından və diaspor fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.
Çıxışlarda vurğulanıb ki, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin və diaspor fəaliyyətinin inkişafına verdiyi töhfələr hər zaman minnətdarlıqla xatırlanacaq, onun əziz xatirəsi Azərbaycan icmasının yaddaşında daim hörmət və ehtiramla yaşayacaq.
Qeyd edək ki, Tofiq Mirzəyev Azərbaycan kinosunda yaddaqalan obrazları ilə tanınıb. O, “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə”, “İstintaq”, “Nəsimi”, “Üzeyir ömrü”, “Təhminə”, “O qızı tapın” və digər filmlərdə yaratdığı obrazlarla Azərbaycan kinematoqrafiyasının qızıl fonduna düşən ekran əsərlərində yer alıb.





