Xalq şairi, görkəmli dramaturq və ictimai xadim Nəriman Həsənzadə vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat yayılıb.
Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. O, ali təhsilini Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində alıb, daha sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu və həmin təhsil ocağının Ali Ədəbiyyat Kurslarını bitirib.
Elmi fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirən Nəriman Həsənzadə “Azərbaycan–Ukrayna ədəbi əlaqələri (1941–1945)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Əmək fəaliyyəti dövründə “Azərbaycan gəncləri” qəzeti, “Azərbaycan” jurnalı və Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışan şair, 1976–1990-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olub. O, həmçinin Azərbaycan Ali Sovetinin deputatı, mətbuat və informasiya nazirinin birinci müavini kimi fəaliyyət göstərib, sonrakı illərdə isə Azərbaycan Ədəbiyyat Fondunun İdarə Heyətinə və Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.
Nəriman Həsənzadə Azərbaycan poeziyasına “Könlüm şeir istəyir”, “Unudulmaz günlər”, “Yadına düşəcəyəm”, “Nəriman”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Nabat xalanın çörəyi”, “Mənim gecəm-gündüzüm”, “Sən bağışladın”, “Bir az möhlət istəyirəm ömürdən”, “Fikir eləmə”, “Taleyin töhfəsi”, “Nuru paşa” və digər qiymətli əsərləri bəxş edib. Onun yaradıcılığı vətənpərvərlik, milli-mənəvi dəyərlər və tarixi mövzulara həsr olunmuş əsərləri ilə seçilib.
Şairin bir sıra əsərləri əsasında teatr tamaşaları hazırlanıb, yaradıcılığı isə ingilis, fransız, alman, fars, italyan, rus və digər dillərə tərcümə olunub.
Azərbaycan ədəbiyyatına verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib. Nəriman Həsənzadə “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarına, “Şöhrət”, “Şərəf”, “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, eləcə də Heydər Əliyev Mükafatına layiq görülüb. O, 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin.

