Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında sakinlərin yaşayış sahələri ilə bağlı müraciətlərinə rəsmi münasibət bildirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesi çərçivəsində yeni mənzillər tikilir və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə məskunlaşdırılması davam etdirilir.
Xidmət bəzi sakinlərin sosial şəbəkələrdə mənzillərin təmiri və əlavə tikililərlə bağlı tələblər səsləndirməsinə də toxunub.
Bildirilib ki, uzun müddət yaşayış nəticəsində yaranan cari təmir işləri, şəxsi təsərrüfatın qurulması, əlavə yardımçı tikililərin, o cümlədən toyuq hini və mal-qara üçün tövlələrin dövlət hesabına inşası və təmiri üçün büdcədə ayrıca vəsait nəzərdə tutulmayıb.
Tikinti qüsurları araşdırılacaq
Qurum qeyd edib ki, mənzilin təhvil verilməsi və ya tikintisi zamanı yaranmış qüsurlarla bağlı əsaslandırılmış müraciətlərə baxılır. Belə hallarda mənzilin texniki vəziyyəti araşdırıla və zəruri qiymətləndirmə aparıla bilər.
Açıqlamada vurğulanıb ki, zəmanət öhdəliyi və ya tikinti qüsuru ilə bağlı problem müəyyənləşdirilərsə, məsələ aidiyyəti üzrə araşdırılacaq.
Xidmət bildirib ki, mənzildə bir ildən artıq yaşadıqdan sonra onun yararsız vəziyyətdə olması ilə bağlı ümumi iddialar konkret faktlar və texniki baxışla təsdiqlənməlidir.
Qurum vətəndaşların mənzillərinin təhlükəsizliyi, yararlılığı və tikinti qüsurları ilə bağlı əsaslandırılmış müraciətlərinin qanunvericiliyə uyğun şəkildə araşdırıldığını qeyd edib.

