Xudayarın adının qayalığa yazılması mübahisə yaratdı – sərt açıqlama

Xudayarın adının qayalığa yazılması mübahisə yaratdı – sərt açıqlama

Publisist Samir Feyruzov sosial şəbəkə hesabında paylaşdığı yazıda şəhid Xudayar Yusifzadənin anası Radə xanımın Bərdə rayonunda davranışları ilə bağlı iddialar irəli sürüb.

O, uzun illərdir Radə xanımın rayon sakinləri arasında xüsusi təsirə malik olması barədə fikirlər eşitdiyini bildirib. Feyruzov qeyd edib ki, bəzi insanlar şəhid anasına hörmət və ehtiram səbəbilə onunla bağlı məsələlərə münasibət bildirməkdən çəkinirlər.

Paylaşımda əsasən Şuşada, Cıdır düzündə yerləşən qayalıqlara boya ilə şəhid adlarının yazılması məsələsinə toxunulub. Müəllifin sözlərinə görə, həmin yazılar aidiyyəti qurumlar tərəfindən silindikdən sonra Radə xanım buna etiraz edib və oğlunun adının qayalıqlardan silinməsinə narazılıq bildirib.

Feyruzov belə bir yanaşmanın düzgün olmadığını düşünür. O, Xudayar Yusifzadənin adının və xatirəsinin artıq müxtəlif formalarda əbədiləşdirildiyini vurğulayıb.

Müəllif qeyd edib ki, Xudayar Yusifzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bundan başqa, onun təhsil aldığı Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində büstünün açıldığı, Azərbaycanın müxtəlif şəhərlərində adına bulaq-abidə komplekslərinin yaradıldığı və Abşeron rayonunda küçələrdən birinə onun adının verildiyi bildirilib.

Feyruzov həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunda Xudayar Yusifzadənin büstü, hərbi gödəkçəsi və fotoşəkillərinin qorunduğunu qeyd edib.

Yazıda Xudayar Yusifzadənin döyüşdən əvvəl ifa etdiyi “Vətən yaxşıdır” təsnifinin də sonradan “Xudayar təsnifi” adı ilə məşhurlaşdığı və müxtəlif rəsmi tədbirlərdə səsləndirildiyi vurğulanıb.

Samir Feyruzov şəhid ailələrinin dövlət tərəfindən təminat məsələsinə də toxunaraq sığorta ödənişləri, mənzil təminatı, aylıq dövlət təqaüdləri və digər sosial dəstəklərin həyata keçirildiyini bildirib.

O, bəzi şəhid ailələrinin dövlət tərəfindən göstərilən imkanlardan yararlanmaqla yanaşı, əlavə məsələlərdə heç kimə müraciət etmədiyini və övladlarının adından istifadə etmək istəmədiyini də qeyd edib.

Feyruzovun fikrincə, şəhid adlarının Cıdır düzündəki qayalıqlara boya ilə yazılması həm həmin ərazinin görünüşünə, həm də şəhidlərin xatirəsinə münasibət baxımından mübahisəlidir.

Paylaşımın sonunda müəllif Radə xanıma müraciət edərək, şəhid adlarının qayalıqlara yazılmasına etirazın insanlara qarşı təzyiq və müdaxilə ilə müşayiət olunmamalı olduğunu bildirib.

Qeyd edək ki, Feyruzovun paylaşımında səsləndirdiyi iddialarla bağlı Radə xanımın mövqeyi məlum deyil.

Mənvə: Patrul.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir