Yaponiyada 5,9 maqnitudalı zəlzələ baş verib, təbii fəlakət nəticəsində azı 37 nəfər xəsarət alıb.
Xəbər Yerində xarici media-ya istinadən xəbər verir ki, zəlzələ avqustun 23-də yerli vaxtla saat 02:00 radələrində ölkənin cənubundakı İbaraki prefekturasında qeydə alınıb. Zəlzələnin ocağı təxminən 68–70 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Tokio və Kanto regionunun digər ərazilərində də güclü hiss olunub. Bəzi yaşayış məntəqələrində maksimum 5 zəif səviyyəsində təkanlar qeydə alınıb. Tokio da daxil olmaqla bir sıra bölgələrdə uzunmüddətli seysmik hərəkətlilik müşahidə edilib.
Yerli fövqəladə hallar xidmətlərinin məlumatına əsasən, xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır deyil. İnsanların bir qismi zəlzələ zamanı yataqdan qalxarkən yıxılıb və ya mebel və qapılara çırpılıb. Kanagava prefekturasında yaşlı qadının yıxılaraq ağır bud-çanaq xəsarəti aldığı bildirilir. Ümumilikdə xəsarət alanların Tokio, İbaraki, Saitama, Çiba və Kanagava prefekturalarında qeydə alındığı açıqlanıb.
Zəlzələ nəticəsində Tokionun Koto rayonunda su borusunun partlaması barədə məlumat daxil olub. Bir sıra dəmir yolu xidmətlərində də gecikmələr yaranıb.
İlkin məlumatlara görə, nüvə obyektlərində hər hansı problem və ya anormallıq qeydə alınmayıb. Zəlzələdən sonra sunami təhlükəsi də gözlənilmir.
Yaponiya Meteorologiya Agentliyi güclü təkanların qeydə alındığı ərazilərin sakinlərinə qarşıdakı təxminən bir həftə ərzində mümkün təkrar zəlzələlərə qarşı diqqətli olmağı tövsiyə edib.

