Xəbər Yerində xəbər verir ki, yeni “iPhone” modellərinin satışa çıxarılmasından sonra Türkiyədə bəzi istehlakçılar satış prosesi ilə bağlı narazılıqlarını ifadə ediblər.
Telefon almaq istəyənlərdən kasko tələb olunduğu iddia edilir
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, bəzi texnologiya mağazalarında yeni “iPhone” almaq istəyən müştərilərə əlavə olaraq kasko və ya sığorta xidmətindən yararlanmaq şərtinin irəli sürüldüyü iddia olunur.
İstehlakçılardan biri bildirib ki, təxminən 28 min lirə məbləğində kasko xidmətindən istifadə etdiyi təqdirdə telefonu ala biləcəyi ona deyilib.
Başqa bir müştəri isə kasko təklifindən imtina etdikdən sonra telefonun satışının baş tutmadığını söyləyib. Onun sözlərinə görə, mağazada məhsulun başqa bir müştəri tərəfindən internet vasitəsilə alındığı əsas gətirilib.
Nazirlikdən satış qaydası ilə bağlı açıqlama
Məsələ ilə bağlı səsləndirilən iddialar Türkiyənin Ticarət Nazirliyinin də diqqətinə çatıb.
Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, hər hansı məhsul və ya xidmətin satışını başqa bir məhsul və ya xidmətin alınması ilə şərtləndirmək olmaz.
Ticarət Nazirliyinin məlumatına görə, istehlakçıların şikayət etdiyi satış nöqtələrində araşdırma aparılacaq.

