Xəbər Yerində xəbər verir ki, yeni tədris ilinin başlaması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və digər hərəkət iştirakçılarına müraciət edib.
BDYPİ-dən bildirilib ki, dərslərin başlaması ilə səhər və axşam saatlarında yollarda sıxlığın artacağı, məktəb və bağçaların ətrafında isə nəqliyyatın hərəkətinin intensivləşəcəyi gözlənilir.
Bu səbəbdən sürücülərdən təhsil müəssisələrinin yaxınlığında sürəti əvvəlcədən azaltmaları, piyada keçidlərində xüsusilə diqqətli olmaları və avtomobilləri ikinci cərgədə, piyada keçidinin üzərində və hərəkətə mane olan digər yerlərdə saxlamamaları tələb olunub.
Valideynlərə də uşaqları məktəbə aparıb-gətirərkən avtomobilləri yalnız icazə verilən və təhlükəsiz ərazilərdə saxlamaq tövsiyə edilib. Həmçinin uşaqların avtomobildən səki tərəfdən düşüb-minməsinə diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Şagirdlərə isə yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmək, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamaq, yolda mobil telefon və qulaqlıqdan istifadə etməmək tövsiyə olunub.
BDYPİ qeyd edib ki, valideynlərin yol hərəkəti qaydalarına əməl etməsi uşaqlar üçün də mühüm nümunədir.
İdarə yeni tədris ilinin ilk günlərindən bütün hərəkət iştirakçılarını yollarda daha diqqətli, səbirli və məsuliyyətli davranmağa çağırıb.

