Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda 533 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, yol qəzalarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalıb. Hadisələr nəticəsində zərərçəkənlərin sayı isə 15,1 faiz azalaraq 689 nəfər olub.
Onlardan 285 nəfər həyatını itirib, 404 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəzaların 44,3 faizi gecə, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı baş verib. Hadisələrin 34,3 faizi şənbə və bazar günlərinin payına düşüb.
Qeydə alınan yol-nəqliyyat hadisələrinin 83,7 faizi yaşayış məntəqələrində baş verib. Bu qəzalarda 201 nəfər ölüb, 379 nəfər yaralanıb.
Yaşayış məntəqələrində baş verən qəzalarda ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz, yaralananların sayı isə 19,7 faiz azalıb.

