Xorvatiya futbolunun əfsanəsi Luka Modriçin qızı Ema Modriç karyerasını “Real Madrid”də davam etdirəcək.
Xəbər Yerində xarici mətbuata istinadən xəbər verir ki, 13 yaşlı Ema Madrid klubunun qadın akademiyasına qəbul olunub və yeni mövsümdə “Real Madrid”in “Cadete” komandasının formasını geyinəcək.
2013-cü ildə Madriddə anadan olan Ema futbolda ilk addımlarını İspaniyada atıb. O, daha əvvəl Madrid CFF-də çıxış edib. Daha sonra atası Luka Modriçin “Milan”a keçidindən sonra ailəsi İtaliyaya köçüb və Ema “Milan”ın U-13 qadın komandasında oynamağa başlayıb.
Gənc futbolçu bu ilin aprelində “Milan”la ilk böyük uğurunu da əldə edib. O, komandasının Turin şəhərində keçirilən International Europe Garino Cup turnirində çempion olmasına kömək edib.
“Milan” turnirin yarımfinalında “İnter”i 2:0 hesabı ilə məğlub edib, finalda isə “Yuventus” üzərində qələbə qazanaraq kuboku başı üzərinə qaldırıb. Ema turnirin əvvəlki mərhələsində “Sassuolo”ya qarşı 3:1 hesablı qələbədə qollardan birinə imza atıb.
Luka Modriç həmin vaxt qızının finalını canlı izləyə bilməsə də, “Napoli”də “Milan”ın heyətində oyuna hazırlaşdığı üçün matçın bir hissəsinə “FaceTime” vasitəsilə baxıb.
Emanın “Real Madrid”lə əlaqəsi isə yeni deyil. O, ailəsi İtaliyaya köçməzdən əvvəl Madrid futbol mühitində məşq edib. Lakin həmin dövrdə “Real Madrid”in onun yaş qrupuna uyğun qadın akademiyası olmadığı üçün klubun aşağı yaş qruplarından birində çıxış edə bilməyib. Bu səbəbdən Ema Madrid CFF-də futbol təcrübəsi qazanıb.
İndi isə gənc futbolçu atasının uzun illər formasını geyindiyi “Real Madrid”ə qayıdaraq klubun qadın futbol akademiyasında inkişafını davam etdirəcək.
Ema Modriçin qarşıdakı illərdə atasının uğurlu futbol karyerasını davam etdirib-etdirməyəcəyi isə böyük maraq doğurur.

