Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Zaqatalada gübrə satışı ilə məşğul olan böyük şirkətlərdən birinin anbardarı Əmrah Ramazan Valeh oğlu həbs edilib.
O, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
Əmrah Ramazan yalan vədlər verməklə 1 milyon manata yaxın dələduzluq etməkdə ittiham olunur. Onun aldatdığı şəxslər arasında “Muxax Aqro” MMC-nin direktoru Vidadi Yusubov da var.
İttihama görə, anbardar Vidadi Yusubovdan aldığı tütün məmulatlarını 64 min manata satıb, əldə etdiyi pulu isə şəxsi məqsədləri üçün xərcləyib.
Cinayət işi üzrə “Sara Group” QSC də zərərçəkmiş qismində tanınıb.
Araşdırma zamanı Əmrah Ramazan Valeh oğluna xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddənin sanksiyasında 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Cinayətin ağırlığı nəzərə alınaraq onun barəsində həbs qətimkan tədbiri seçilib.
Toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həbs edilən şəxs barəsində 3 il əvvəl də şikayətlər olub. Onun atası Valeh Qazilov Zaqatala Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

