Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi adı altında dövlətə məxsus “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı QSC-dən külli miqdarda kredit aldığı müəyyən edilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat keçirilib.
Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler” MMC-nin direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov, eləcə də onlarla əlbir olmaqda şübhəli bilinən Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıblar.

İlkin istintaqın versiyasına əsasən, təqsirləndirilən şəxslər kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit əldə ediblər. Araşdırmalar zamanı isə həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmadığı, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi məqsədlər üçün xərcləndiyi müəyyənləşdirilib.
Onlara Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır.
İstintaq materiallarında qeyd olunur ki, hazırda həbs olunan şəxslər Məmməd Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq əməli törətməkdə şübhəli bilinirlər. Bildirilir ki, saxlanılanlardan bəziləri onun yaxın qohumları və iş yoldaşlarıdır. Belə ki, Tofiq Musayev onun qardaşı oğlu, Fazil Rüstəmov isə uzun müddət müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, səhmləri tamamilə dövlətə məxsus olan “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı QSC sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərlə təmin olunması məqsədilə fəaliyyət göstərir. Məmməd Musayev 2001–2025-ci illərdə quruma rəhbərlik edib. Sahil Babayev maliyyə naziri təyin olunduqdan bir müddət sonra isə vəzifəsindən ayrılıb.
Mənbə: Qafqazinfo

