Xəbər Yerində xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Məmmədli Hüquq Mərkəzi” MMC-nin rəhbəri Məmmədli Aqşin Azər oğlu ilə bağlı məhkəməyə müraciət edib.
“Qaynarinfo”nun əldə etdiyi məhkəmə sənədində qeyd olunub ki, müraciətin əsas məqsədi vergi borcunun ödənilməsinin təmin edilməsi üçün Aqşin Məmmədlinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması olub.
Məhkəmə materiallarına əsasən, vergi ödəyicisinin dövlət büdcəsinə 18 033,32 manat, Dövlət Sosial Müdafiə Fonduna isə 0,25 manat borcu yaranıb. Beləliklə, ümumi borc 18 033,57 manat təşkil edib.
Borcun 13 002,82 manatı vergi öhdəliyindən, 5 030,50 manatı isə hesablanmış faizlərdən ibarət olub.
İş üzrə sənədlərdə “Məmmədli Hüquq Mərkəzi” MMC-nin də adı qeyd edilib.
Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcun ödənilməsi ilə bağlı vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq bildirişlər göndərib.
Həmin bildirişlərdə borcun dövlət büdcəsinə və aidiyyəti fonda 5 gün ərzində ödənilməsi tələb olunub. Lakin məhkəmə sənədində göstərilir ki, müəyyən edilmiş müddət ərzində borc ödənilməyib.
Məhkəmə baxışı zamanı vergi borcunun mövcud olduğu və qanunvericiliklə nəzərdə tutulan müddətdə öhdəliyin yerinə yetirilmədiyi müəyyənləşdirilib.
Məhkəmə hesab edib ki, yaranmış borcun ödənilməsini təmin etmək məqsədilə 1994-cü il təvəllüdlü Aqşin Məmmədli Azər oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün hüquqi əsaslar mövcuddur.
Nəticədə məhkəmə Dövlət Vergi Xidmətinin ərizəsini təmin edib. Qərara əsasən, Aqşin Məmmədli Azər oğlunun ölkədən çıxış hüququ vergi öhdəlikləri tam icra edilənədək müvəqqəti məhdudlaşdırılıb.

