Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2026-cı ilin başa çatmasına hələ bir neçə ay qalsa da, gələn il əmək pensiyalarının nə qədər artırılacağı artıq müzakirə mövzusuna çevrilib.
Pensiyaların artımı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, yekun göstərici 2026-cı il üzrə ortaaylıq əməkhaqqının illik artımından asılı olacaq.
Pensiyalar hansı qaydada indeksləşdirilir?
“Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları hər il indeksləşdirilir. Artım əvvəlki il ərzində muzdla çalışanların ortaaylıq əməkhaqqının nominal artım göstəricisi nəzərə alınmaqla müəyyənləşdirilir.
Başqa sözlə, ölkə üzrə ortaaylıq əməkhaqqı əvvəlki il ərzində nə qədər artarsa, əmək pensiyalarında da həmin göstəriciyə uyğun indeksləşdirmə aparılır. Bu proses hər il yanvarın 1-dən etibarən tətbiq olunur və Prezidentin müvafiq sərəncamı əsasında rəsmiləşdirilir.
2027-ci ildə artım neçə faiz ola bilər?
2026-cı il hələ başa çatmadığından bu il üzrə ortaaylıq əməkhaqqının yekun illik artım göstəricisi məlum deyil. Bununla belə, əvvəlki illərin statistikasına əsasən, əməkhaqqında illik artımın əsas hissəsi ilin ilk aylarında formalaşır.
Məsələn, 2025-ci ilin yanvar-iyul aylarında ortaaylıq əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz yüksəlib. İl üzrə 12 aylıq göstəricidə isə artım 9,3 faiz olub.
2026-cı ilin yanvar-iyul aylarında ölkə üzrə ortaaylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artıb. Eyni zamanda, 2026-cı il üçün ortaaylıq əməkhaqqının təxminən 6 faiz yüksələcəyi proqnozlaşdırılıb.
400 manat pensiya alan nə qədər alacaq?
2026-cı ildə əməkhaqqı artımının əsas hissəsi ilin birinci rübündə qeydə alınıb. Yanvar ayında artım 3,8 faiz olduğu halda, yanvar-mart aylarında göstərici 6,2 faizə çatıb. Sonrakı dörd ay ərzində isə artım cəmi 1 faiz bəndi təşkil edib.
Mövcud göstəricilər 2026-cı il üzrə ortaaylıq əməkhaqqının təxminən 8 faiz artacağı ehtimalını gündəmə gətirir. Bu göstərici reallaşarsa, 2027-ci ildə əmək pensiyalarının da təxminən 8 faiz indeksləşdirilməsi mümkündür.
Bu halda hazırda 400 manat pensiya alan şəxsin aylıq ödənişi 32 manat artaraq 432 manata, 500 manat pensiya alan şəxsin pensiyası isə 40 manat yüksələrək 540 manata çata bilər.
Xüsusi şərtlərlə pensiya alan şəxslərin ödənişlərinə də eyni indeksləşdirmənin tətbiqi nəzərdə tutulur.
Pensiya artımı inflyasiyanı üstələyə bilər
Əgər pensiyaların 8 faiz həcmində indeksləşdirilməsi reallaşarsa, bu göstərici 2026-cı il üçün proqnozlaşdırılan 5,7 faizlik orta illik inflyasiya səviyyəsindən yüksək olacaq.
Bu isə pensiyaların alıcılıq qabiliyyətinin 2027-ci ildə də qorunmasına imkan verə bilər.
Minimum pensiya da arta bilərmi?
Pensiyaların ümumi indeksləşdirilməsi ilə yanaşı, minimum pensiya məbləğinin artırılması da ödənişlərin yüksəlməsinə təsir göstərə bilər.
Minimum pensiya məbləği sonuncu dəfə 2025-ci il fevralın 1-dən 40 manat artırılaraq 320 manata çatdırılıb. Bu göstəricinin dəyişdirilməsi isə “Əmək pensiyaları haqqında” Qanuna müvafiq dəyişiklik edilməsini tələb edir.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda minimum pensiyanın minimum əməkhaqqının 75-80 faizi səviyyəsində saxlanılması nəzərdə tutulub.
Hazırda minimum əməkhaqqı 400 manat olduğundan, 320 manatlıq minimum pensiya bu məbləğin 80 faizinə bərabərdir.

