Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Beyləqan rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Sarısu qəsəbəsi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “Niva” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun kənarında yerləşən kanala düşüb.
Qəza nəticəsində avtomobildəki 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralananlar arasında İran vətəndaşları da var
Hadisə zamanı xəsarət alanlardan 1968-ci il təvəllüdlü Gholamhossein Sareban Gholamreza oğlu, 1959-cu il təvəllüdlü Alireza Mohajer Ashoor oğlu, 1977-ci il təvəllüdlü Ali Kekani Bijan və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh Khodaverdi oğlunun İran vətəndaşları olduğu bildirilib.
Qəza nəticəsində, həmçinin 1970-ci il təvəllüdlü Saatlı rayon sakini Ağayev Mirnamiq Mirəziz oğlu da xəsarət alıb.
Yaralılar xəstəxanadan buraxılıb
Xəsarət alan şəxslər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlara tibb müəssisəsində ilkin tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş olduqdan sonra yaralılar ambulator müalicə üçün evə buraxılıblar.
Hadisənin başvermə səbəbləri və digər hallar araşdırılır.

