Sentyabrın 28-də Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Xəbər Yerində Milli Hidrometeorologiya Xidmətindən istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-20°, gündüz isə 26-29° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 45-55 faiz arasında dəyişəcək.
Rayonlarda yağış və şimşək ehtimalı
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, axşam saatlarından etibarən dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə oluna bilər.
Rayonlarda mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 7-12°, gündüz isə 15-20° isti təşkil edəcək.

