32 tonluq yük maşını 66 ton yüklə tutuldu – DYP-dən xəbərdarlıq

32 tonluq yük maşını 66 ton yüklə tutuldu – DYP-dən xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi normadan artıq yüklənmiş ağırtonnajlı nəqliyyat vasitələrinin yaratdığı təhlükə ilə bağlı sürücülərə və yükdaşıma şirkətlərinə xəbərdarlıq edib.

DYP əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı “Shacman” markalı, 99-GU-473 dövlət qeydiyyat nişanlı yük avtomobili elektron tərəzidə yoxlanılıb.

Yoxlama zamanı məlum olub ki, maksimum icazə verilən kütləsi 32 ton olan avtomobilin faktiki çəkisi 66 ton təşkil edib. Beləliklə, nəqliyyat vasitəsi üçün müəyyən edilmiş çəki həddi iki dəfədən də çox aşılıb.

Artıq yük hansı təhlükəni yaradır?

DYP-nin məlumatına görə, normadan artıq yüklənmiş avtomobillərin idarə olunması həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün ciddi risk yaradır.

Ağır yük avtomobilin tormoz məsafəsini uzadır, manevr imkanlarını və dayanıqlığını azaldır. Eyni zamanda təkərlərə, tormoz və asqı sistemlərinə düşən yük artır. Bu amillər idarəetmənin itirilməsi, texniki nasazlıq və ağır qəza ehtimalını yüksəldə bilər.

Normadan artıq çəki yalnız yol hərəkəti təhlükəsizliyi üçün deyil, yol infrastrukturu üçün də problem yaradır. Belə nəqliyyat vasitələri asfalt örtüyünün, körpülərin və digər yol qurğularının daha sürətlə zədələnməsinə və onların istismar müddətinin azalmasına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxsləri və sürücüləri müəyyən edilmiş çəki normalarına riayət etməyə, normadan artıq yüklənmiş nəqliyyat vasitələrini yola buraxmamağa çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir