Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə məxsus 35 kompüter və 15 printer bir ildən çoxdur Xırdalanda yerləşən özəl anbarda saxlanılır.
Xeber Yerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, kollecin keçmiş rəhbərliyi binanı su basdığı üçün avadanlıqların müvəqqəti olaraq anbarda saxlanılmasını xahiş edib. Lakin yeni rəhbərlik vəzifəyə gəldikdən sonra avadanlıqların anbardan götürülməsi təmin edilməyib. Həmçinin anbar sahibinə icarə haqqının ödənilmədiyi bildirilir.
Ə. Həsənov qeyd edib ki, məsələ ilə bağlı kollecin əvvəlki rəhbərliyi tərəfindən Elm və Təhsil Nazirliyinə də müraciətlər olunub, lakin nəticə əldə edilməyib.
Məsələ ilə bağlı kollecdən bildirilib ki, sözügedən avadanlıqlarla bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində araşdırma aparılır. İstintaq yekunlaşdıqdan sonra məsələyə dair məlumat veriləcək.
Baş Prokurorluqdan isə bildirilib ki, faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
İstintaqın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

