Fransada 43 il ərzində samanlıqda saxlanılan “Renault 5” avtomobili hərracda gözləniləndən dəfələrlə baha qiymətə satılıb.
Xəbər Yerində xarici mediaya istinadən xəbər verir ki, Bourgogne bölgəsindəki kəndlərdən birində aşkarlanan avtomobil Parisdə Aguttes hərrac evinin təşkil etdiyi satışa çıxarılıb.
1982-ci ildə alınan avtomobilin sahibi həmin vaxt sürücülük vəsiqəsi imtahanından keçə bilməyib. Bundan sonra yeni aldığı “Renault 5”i istifadə etmək əvəzinə samanlığa yerləşdirib.
Avtomobil 43 il ərzində demək olar ki, toxunulmadan qalıb. Odometrində isə cəmi 12 kilometr qeyd olunub.
1982-ci ilin oktyabrında sifariş edilən avtomobil 1108 kubsantimetr mühərrikə, 4 pilləli mexaniki sürət qutusuna və 5 qapıya malikdir. Avtomobilin ilk satışına dair sənədlərin və sifariş formasının da qorunub saxlanılması onun kolleksiya dəyərini artırıb.
Hərracdan əvvəl avtomobilin 5-10 min avroya satılacağı proqnozlaşdırılırdı. Lakin iştirakçıların marağı gözləniləndən yüksək olub və yekunda “Renault 5” 64 453 avroya alıcı tapıb.
1972-1984-cü illərdə istehsal olunan “Renault 5” modellərindən 5 milyondan çox satılıb. Buna baxmayaraq, 43 il ərzində demək olar ki, istifadə olunmadan saxlanılan bu avtomobil nadir nümunə kimi kolleksiyaçıların diqqətini çəkib.

