Məhkəmədən gözlənilməz güzəşt: Cinayətkara daha az cəza verildi

Məhkəmədən gözlənilməz güzəşt: Cinayətkara daha az cəza verildi

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində saxlanılan şəxslərin məhkəmə prosesi yekunlaşıb.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə bütün təqsirləndirilən şəxslərə qanunla müəyyən edilən aşağı həddən daha az müddətdə cəza təyin olunub.

Məhkəmə qarşısına Bahadır Qasımov və İkram Qasımov qardaşları, onların əmisi oğlu Fərhad Quliyev, həmçinin Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov çıxarılıb.

Təqsirləndirilən şəxslərə cinayət yolu ilə əldə edilmiş vəsaitlərin və digər əmlakın leqallaşdırılması, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, eləcə də valyuta tənzimi qaydalarını pozma ilə bağlı ittihamlar verilib.

Məhkəmə ittihamları təsdiqlənmiş hesab edib

Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə kollegiyası araşdırmanın sonunda ittihamların iş materiallarında olan sübut və dəlillərlə təsdiqini tapdığı qənaətinə gəlib.

Bununla belə, məhkəmə təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib. Bu maddə müəyyən hallarda sanksiyada nəzərdə tutulan aşağı həddən də az cəzanın təyin edilməsinə imkan verir.

Hökmə əsasən, ötən həftə ev dustaqlığına buraxılan Bahadır Qasımov azadlıqda qalacaq. Onun təxminən 2 il 11 ay həbsdə saxlanılması kifayət hesab edilib.

İkram Qasımov və Fərhad Quliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Cavid Əzizov və Anar Əhmədovun hər birinə 4 il, Vəli Əliyevə isə 3 il həbs cəzası verilib.

Yüz milyonlarla manatlıq əmlakın üzərindən həbs götürülüb

Məhkəmənin digər qərarı təqsirləndirilən şəxslərə və onların yaxınlarına məxsus çoxsaylı əmlakla bağlı olub.

Belə ki, əsasən İkram Qasımovun özünün, ailə üzvlərinin və digər qohumlarının adına rəsmiləşdirilən, dəyəri 200-300 milyon manat civarında qiymətləndirilən əmlakların üzərinə qoyulmuş həbs qərarları ləğv edilib.

Siyahıya 100-ə yaxın “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik və yük avtomobilləri, Bakı və rayonlarda yerləşən villalar, çoxsaylı mənzillər, qeyri-yaşayış sahələri, qayıqlar və başqa əmlaklar daxil olub.

Bildirilir ki, sadalanan əmlakların təxmini ümumi bazar qiyməti 500 milyon manata yaxın olub.

Məhkəmə yalnız İkram Qasımovun Yasamal rayonunda yerləşən ofisindən və yaşadığı evdən aşkar edilən 3 milyon manatdan artıq nağd vəsaitə, təxminən 1 milyon manat dəyərində qızıl-zinət əşyalarına, Xızı rayonundakı bağ evinə və bir neçə nəqliyyat vasitəsinə dair müsadirə qərarı çıxarıb.

Müsadirə olunan əmlakların ümumi dəyərinin 5-6 milyon manat olduğu bildirilir.

“Bahadırın bankı” ilə bağlı ittiham

İş materiallarına əsasən, Bahadır və İkram Qasımov qardaşları xarici ölkələrdən Azərbaycana və əks istiqamətdə qanunsuz pul köçürmələri təşkil etməkdə ittiham olunublar.

İstintaqın məlumatına görə, Yasamal rayonunda fəaliyyət göstərən və qeyri-rəsmi olaraq “Bahadırın bankı” adlandırılan şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat məbləğində qanunsuz pul köçürülüb.

Həmin vəsaitdən 2 milyon 500 min manatın isə xidmət haqqı adı ilə Qasımov qardaşlarının gəliri kimi qaldığı bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir