Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 10-da Qaradağ rayonunda “Fabriora Group” MMC-nin kağız və gigiyenik məhsullar istehsalı müəssisəsinin açılışında iştirak edib.
Dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, burada kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal olunacaq.
Təxminən 11 hektar ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir, yüksək avtomatlaşdırılmış texnologiyalarından istifadə ediləcək.
Müəssisədə istehsal olunan məhsulların Azərbaycan bazarı ilə yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya, Yaxın Şərq ölkələri və digər xarici bazarlara ixracı nəzərdə tutulur.
Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır. Müəssisədə 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Qeyd olunub ki, “Fabriora Group” MMC avadanlıq idxalı zamanı investisiya təşviqi sənədi əsasında ƏDV və gömrük rüsumlarından 1 milyon manat güzəşt əldə edib.



























