Xəbər Yerində xəbər verir ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən və tarixə “11 sentyabr” kimi düşən terror aktlarından 25 il ötür.
Həmin gün “Əl-Qaidə” ilə əlaqəli 19 terrorçu ABŞ-da dörd sərnişin təyyarəsini qaçırıb. Təyyarələrdən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin Əkiz qüllələrinə çırpılıb. Üçüncü təyyarə Vaşinqton yaxınlığındakı Pentaqona istiqamətləndirilib.
Dördüncü təyyarədəki sərnişin və ekipaj üzvləri qaçıranlara müqavimət göstərib. Nəticədə təyyarə Pensilvaniya ştatında Şanksvill yaxınlığında tarlaya düşüb.
Hücumlar nəticəsində 2 977 nəfər həyatını itirib. Onların arasında 90 ölkənin vətəndaşları olub. Nyu-Yorkda 2 753, Pentaqonda 184, 93-cü reysdə isə 40 nəfər öldürülüb.
Faciədən sonra ABŞ-ın təhlükəsizlik və xarici siyasətində ciddi dəyişikliklər baş verib. Vaşinqton “terrora qarşı müharibə” elan edib və Əfqanıstana hərbi müdaxilə başlayıb. ABŞ-da isə Daxili Təhlükəsizlik Departamentinin yaradılması da daxil olmaqla genişmiqyaslı təhlükəsizlik islahatları həyata keçirilib.
25-ci ildönümü
Bu il 11 sentyabr hadisələrinin 25-ci ildönümü ilə bağlı Nyu-Yorkda xüsusi anım mərasimi keçirilir. Qurbanların ailə üzvləri Memorial meydanında həlak olanların adlarını səsləndirirlər. Bu il ənənəvi anım mərasimində 11 sentyabrla əlaqəli xəstəliklərdən sonradan həyatını itirənlərin xatirəsinə əlavə sükut dəqiqəsi də keçirilir.
11 sentyabr terror aktları ABŞ tarixində ən böyük insan itkisi ilə nəticələnən xarici hücum kimi yadda qalıb və hadisənin təsirləri 25 il sonra da davam edir.

