Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birgə Gəncəsər və Xudavəng kilsələrinə səfər edib.
H.Hacıyev səfər çərçivəsində ziyarət etdikləri tarixi məkanlardan video görüntüləri də paylaşıb.
Prezidentin köməkçisi bildirib ki, hər iki kilsə qədim Qafqaz Albaniyasının xristian irsinin mühüm nümunələrindəndir.
Onun sözlərinə görə, XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal tərəfindən inşa etdirilən Gəncəsər kilsəsi bölgənin əsrlər boyu formalaşan xristian irsində xüsusi yer tutur.
H.Hacıyev qeyd edib ki, işğal dövründə tarixi abidələr müxtəlif xarici müdaxilələrə məruz qalıb və “bərpa” işləri adı altında onların memarlıq xüsusiyyətlərinə zərər vurulub.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycandakı tarixi, mədəni və dini abidələr onların mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin ümumi mədəni irsinin tərkib hissəsidir.
O, Azərbaycanın müxtəlif dinlərə və mədəniyyətlərə aid irsin qorunması sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanındığını və bu təcrübəni digər ölkələrlə bölüşməyə hazır olduğunu bildirib.
H.Hacıyev həmçinin tarixi abidələrlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan media qurumlarını həmin məkanlara səfər etməyə və vəziyyətlə yerində tanış olmağa çağırıb.
“Görmək inanmaqdır”, – deyə o qeyd edib.
Mənbə: Apa

