Xəbər Yerində xəbər verir ki, Polşa ilə Azərbaycan arasında münasibətlər mediada yayılan bəzi materiallara görə dəyişməyəcək.
Bunu Polşanın Azərbaycandakı səfiri Pavel Radomski diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində açıqlamasında bildirib.
Diplomat qeyd edib ki, Polşa-Azərbaycan əlaqələri hazırda yaxşı səviyyədədir və tərəflər arasında mütəmadi dialoq aparılır. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı planlar mövcuddur.
P.Radomski mediada Azərbaycanla bağlı yayılan bəzi materiallara da münasibət bildirib. Səfir belə hallara sadəcə “insident” kimi yanaşmağın lazım olduğunu deyib.
“Belə hallar ikitərəfli münasibətlərə təsir etməməlidir və əminəm ki, təsir etməyəcək”, – deyə diplomat vurğulayıb.
Səfir Qarabağa səfəri ilə bağlı təəssüratlarını da bölüşüb. O, bunun bölgəyə dördüncü səfəri olduğunu və əvvəlki səfərlərlə müqayisədə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində böyük irəliləyiş gördüyünü bildirib.
P.Radomski xüsusilə Şuşanın bərpasını yüksək qiymətləndirib və bölgənin təbiətinin gözəlliyindən danışıb.
Mənbə: Apa

