Xəbər Yerində xəbər verir ki, Şəkidə iki nəfərin ölümü ilə nəticələnən zipline faciəsinin şahidi olan Nazlı xanım hadisə anını və ondan əvvəl baş verənləri danışıb.
Məlumata görə, Nazlı xanım hadisə zamanı həyatını itirən Coşqun Məmmədovun nişanlısıdır. Onun sözlərinə görə, həmin gün Coşqun, Ucal, Şəbnəm və Nazlı zipline xəttinin ilk mərhələsindən problemsiz keçiblər.
İkinci mərhələdə əvvəlcə Şəbnəm hərəkətə başlayıb və təhlükəsiz şəkildə qarşı tərəfə çatıb. Ardınca Coşqun xəttə buraxılıb. Nazlı isə sonuncu keçərək həmin anları videoya çəkmək niyyətində olub.
Lakin Coşqun hələ yolun sonuna çatmamış qarşı tərəfdən Ucal da hərəkətə başlayıb. Beləliklə, hadisə baş verən zaman xətt üzərində iki nəfər olub.
Nazlının sözlərinə görə, Coşqun ona əl yellədikdən cəmi bir neçə saniyə sonra qəfil sola doğru hərəkət edib və tros qırılıb. Zərbənin təsirindən Nazlı da yerə yıxılıb, lakin ciddi xəsarət almayıb.
Onun bildirdiyinə görə, hadisə saat 14:44-də baş verib. Daha sonra işçilərin rabitə cihazından “Kömək edin, qolum sındı” sözlərini eşidib. Nazlı bu səsin Coşquna aid olduğunu düşünərək onun sağ qalacağına ümid edib.
Lakin saat 15:08-də Coşqunun düşdüyü əraziyə çatanda onun artıq həyatını itirdiyini görüb.
Nazlı daha sonra Ucalı axtarmağa başlayıb. Bir müddət sonra onun asfaltın üzərinə düşdüyünü görüb. Şahidin sözlərinə görə, Ucal həmin vaxt hələ həyatda olub, lakin təcili tibbi yardımın əraziyə gec çatdığını bildirib.
Nazlı xanım hadisədən əvvəl təhlükəsizlik məsələlərinin bu qədər ağır nəticəyə səbəb ola biləcəyini düşünmədiklərini də qeyd edib.
O, faciədən sonra insan həyatının maddi qazancdan üstün olduğunu vurğulayıb:
“İnsan həyatı üzərindən biznes quranlar anlamalıdırlar: qazandığınız hər 25 manatın arxasında sizə etibar edib o trosdan asılan bir insan var. O insan pulunu verməklə həyatını da bir neçə dəqiqəlik sizin məsuliyyətinizə verir. Bu məsuliyyətin qiyməti 25 manat deyil. İnsan həyatıdır”.

