Ağdaş rayonunda 14 yaşlı yeniyetmənin qonşu qadını güllələməsinin təfərrüatları məlum olub.
Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, 14 yaşlı M.Əliyev tez-tez atasına məxsus tir tüfəngi ilə küçədə və çöllük ərazidə atəş açırmış.
Məlumata görə, yeniyetmə hadisə günü də yaşadığı küçədə tüfəngdən atəş açıb. O, küçənin bir tərəfində dayanaraq qarşı tərəfdə hədəf müəyyənləşdirib və həmin istiqamətə atəş açıb.
M.Əliyev iki dəfə hədəfi nişan alsa da, onu vura bilməyib. Bundan əsəbiləşən yeniyetmə üçüncü dəfə atəş açıb. Nəticədə güllə küçədə olan qadına dəyib.
Ailə üzvlərinin köməyi ilə yaralı qadın xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır. Hadisə zamanı istifadə olunan tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.
Məlumata görə, M.Əliyevin babası Məhəmməd Əliyev Ağdaş rayonunun tanınmış biznesmenlərindəndir. Onun Ağdaş, Göyçay və Mingəçevirdə tikinti materialları mağazaları, restoran və digər obyektlərinin olduğu bildirilir.
İddia olunur ki, yeniyetmə bundan əvvəl də rayon ərazisində, eləcə də yaşadığı küçədə dəfələrlə hədəfə atəş açıb. Onun bu hərəkətləri sakinlərin narazılığına səbəb olsa da, yeniyetmənin xəbərdarlıqlara məhəl qoymadan atəş açmağa davam etdiyi bildirilir.
Məlumata görə, Məhəmməd Əliyev yeniyetmənin bu əməlləri barədə hadisədən əvvəl aidiyyəti qurumlara məlumat verilmədiyini bildirib. Yalnız sonuncu hadisədən sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

