Prezident Tiina Nirki ilə görüşüb – FOTO

Prezident Tiina Nirki ilə görüşüb – FOTO

Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 23-də Estoniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki ilə görüşüb.

Görüşün əvvəlində Tiina Nirk etimadnaməsini dövlət başçısına təqdim edib. Daha sonra Prezident İlham Əliyev səfirlə fikir mübadiləsi aparıb.

Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi

Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin inkişafında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və müntəzəm təmasların əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın da inkişaf etdiyini bildirib. Bu kontekstdə Aİ Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın bu il Azərbaycana reallaşdırdıqları səfərləri qeyd edib.

İlham Əliyev Estoniyanın yeni səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Estoniyanın ilk səfiri: “Şərəf hissi duyuram”

Tiina Nirk Estoniyanın Azərbaycandakı ilk səfiri təyin edilməsindən məmnunluğunu ifadə edib. Diplomat iki ölkə arasında əlaqələrin, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirilməsi üçün fəal çalışacağını bildirib.

Səfir Azərbaycanın Orta Dəhlizdə mühüm strateji mövqeyə malik olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, siyasi dialoqla yanaşı, biznes, informasiya texnologiyaları, logistika və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar mövcuddur.

Estoniyada 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır

Tiina Nirk təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün də perspektivlərin olduğunu deyib. O, hazırda Estoniyada təxminən 200 azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb.

Diplomat Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları da yüksək qiymətləndirib.

Səfirliyin açılması müzakirə edildi

Görüşdə Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlamasının iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verəcəyi bildirilib.

Tərəflər, həmçinin iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunublar.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir