Xəbər Yerində xəbər verir ki, Naxçıvanda yeni doğulmuş körpənin öldürülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
1974-cü il təvəllüdlü K.S. Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
Körpəni öz qızı dünyaya gətirib
Məhkəmə araşdırması zamanı hadisənin təfərrüatları məlum olub. K.S.-nin öldürdüyü körpəni onun öz qızının dünyaya gətirdiyi müəyyənləşib.
İstintaq və məhkəmə materiallarına əsasən, 52 yaşlı qadının bu cinayəti törətməsinə səbəb uşağın nikahdankənar dünyaya gəlməsi olub. O, körpənin doğulmasını ailə və ətraf arasında rüsvayçılıq kimi qəbul etdiyini bildirib.
Körpəni avtomobildə boğaraq öldürüb
Məlumata görə, oğlan uşağı Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində dünyaya gəlib. Daha sonra körpə evə aparılarkən avtomobildə öldürülüb.
K.S. uşağın səsinin kənardan eşidilməməsi üçün avtomobilin sürücüsündən maqnitofonun səsini yüksəltməsini istəyib.
Bundan sonra qadın körpəni üzüstə vəziyyətə gətirib. Onun ağız və burun nahiyəsini sağ qolunun iç səthinə sıxaraq uşağın nəfəs almasına mane olduğu müəyyən edilib. Körpə təxminən 10-15 dəqiqə bu vəziyyətdə saxlanılıb və nəticədə həyatını itirib.
Meyiti tualet quyusuna atıb
Hadisədən sonra K.S. körpənin meyitini Babək rayonunda yerləşən kənddə əvvəlcə yardımçı tikilidə gizlədib.
Daha sonra isə meyiti həyətdə yerləşən tualet quyusuna atıb.
Məhkəmə prosesində qadın törətdiyi əməlin səbəbini insanların qarşısında rüsvay olmaq istəməməsi ilə izah edib.
14 il həbs cəzası aldı
Məhkəmənin hökmü ilə K.S. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi üzrə təqsirli bilinib.
O, öz qızının yeni doğulan oğlan uşağını qəsdən öldürdüyünə görə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: Xitab24

