Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərinin Nizami rayonunda yerləşən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, təlimin mövzusu neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi olub.
Təlimin əsas məqsədi strateji əhəmiyyətli obyektlərdə yanğın baş verəcəyi təqdirdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, şəxsi heyətin peşə hazırlığını artırmaq və zavod əməkdaşlarının yanğın zamanı ilkin davranış qaydaları ilə bağlı biliklərini genişləndirmək olub.
Təlim zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri şərti yanğın yerinə operativ şəkildə çataraq zavod əməkdaşlarının təhlükəli ərazidən təxliyəsini həyata keçirib, yanğın yerində çevik kəşfiyyat aparıb və yanğının söndürülməsi əməliyyatını icra ediblər.
Uğurla başa çatan təlimin yekununda əldə olunan nəticələr müzakirə edilib və müvafiq tapşırıqlar verilib.






