Bakıda 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü və hadisədən sonra baş verən insidentlə bağlı Azərbaycan Mətbuat Şurası açıqlama yayıb.
Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, Şura Yasamal rayonunda yerləşən məktəbdə baş verən faciənin və sonrakı insidentin cəmiyyətdə narahatlıq doğurduğunu bildirib.
Qeyd olunub ki, belə hadisələr ictimaiyyətin diqqət mərkəzində olur, onların səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan media nümayəndələrinin hadisə ilə maraqlanması və ictimaiyyətin informasiya ehtiyacını qarşılamağa çalışması jurnalist missiyasının bir hissəsidir.
Azərbaycan Mətbuat Şurası “Real TV” əməkdaşlarının hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşməsini yolverilməz hesab edib.
Şuranın açıqlamasında bildirilib ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq, onlara qarşı fiziki güc tətbiq etmək və ya təhdidlər səsləndirmək qəbuledilməzdir. Hər hansı mübahisə və narazılıq yarandıqda belə, məsələlər zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun həll edilməlidir.
Mətbuat Şurası eyni zamanda vurğulayıb ki, jurnalistlərin sərbəst peşə fəaliyyəti və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılması zamanı peşə etikası və xüsusi həssaslıq prinsipləri də qorunmalıdır. Bu, xüsusilə azyaşlıların və yeniyetmələrin iştirak etdiyi insidentlərə aiddir.
Şura ümid etdiyini bildirib ki, baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcək.

