ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkə hesabında yaydığı açıqlamada İrana qarşı bu həftə üçüncü hücum dalğasının həyata keçirildiyini bildirib.
Məlumata görə, əməliyyata səbəb İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazından keçən Kipr bayrağı altında üzən M/V GFS Galaxy konteyner gəmisinə hücum etməsi olub.
CENTCOM-un açıqlamasında qeyd olunub ki, hücum nəticəsində gəminin mülki ekipaj üzvlərindən biri itkin düşüb. Yanğın baş verən gəminin mühərrik bölməsi ciddi zədələndiyindən o, səfərini davam etdirə bilməyib.
ABŞ tərəfi bildirib ki, Vaşinqton daha əvvəl İrana ticarət gəmilərinə hücumları dayandırmaq və mövcud razılaşmalara əməl etmək üçün imkan yaradıb. Lakin rəsmi Tehranın Hörmüz boğazından keçən mülki gəmilərə və dənizçilərə qarşı hücumları davam etdirdiyi vurğulanıb.
Buna cavab olaraq ABŞ-ın İrana qarşı yeni zərbələr endirdiyi, əməliyyatın ölkəyə “ağır bədəl” ödətdiyi qeyd olunub. CENTCOM əlavə edib ki, hücumlar ABŞ Prezidenti Donald Trampın göstərişi əsasında həyata keçirilib.
Mənbə: TRTHaber

