Bu ilin yanvar–iyun aylarında Azərbaycanda qanunsuz dövriyyədən çıxarılan narkotik vasitə və psixotrop maddələrin ümumi dəyəri təxminən 166 milyon manat təşkil edib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu məlumat yayıb.
Məlumata görə, hesabat dövründə ümumilikdə 5 ton 497 kiloqram 378,1 qram narkotik vasitə və psixotrop maddə müsadirə olunub. Onların əsas hissəsini 4 ton 698 kiloqramdan çox marixuana təşkil edib. Bundan başqa, 236 kiloqramdan artıq heroin, 104 kiloqramdan çox tiryək, 240 kiloqramdan artıq həşiş, 124 kiloqramdan çox digər narkotik vasitələr və 91 kiloqramdan artıq psixotrop maddə aşkar edilərək götürülüb.
Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən 24 437 ədəd metadon həbi, 9 444 ədəd çətənə kolu və 29 ədəd psixotrop həb də qanunsuz dövriyyədən çıxarılıb.
Mənbə: APA

