Hikmət Hacıyev Şuşa Forumunda medianın sülh prosesindəki rolundan danışıb

Hikmət Hacıyev Şuşa Forumunda medianın sülh prosesindəki rolundan danışıb

Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumu həqiqətin və etimadın bərpası üçün mühüm platformadır

“Qlobal medianın gələcəyi ilə bağlı müzakirələr aparmaq üçün Şuşa Qlobal Media Forumundan daha əlverişli məkan tapmaq çətindir. Şuşa sadəcə bir şəhər deyil, eyni zamanda böyük tarixi və mənəvi dəyərə malik simvoldur. Əsrlər boyunca bu şəhər ədəbiyyatın, musiqinin, jurnalistikanın və ictimai düşüncənin inkişaf etdiyi mühüm mədəni-intellektual mərkəzlərdən biri olub. Bu gün isə Şuşa dialoq, yeni ideyalar və beynəlxalq əməkdaşlığın formalaşdığı bir məkana çevrilir”.

Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Hikmət Hacıyev bildirib ki, Şuşa Qlobal Media Forumu yalnız ənənəvi konfrans formatı daşımır, eyni zamanda jurnalistləri, siyasətçiləri, akademikləri və texnologiya sahəsinin aparıcı nümayəndələrini bir araya gətirərək medianın əsas missiyalarından biri olan həqiqətin və faktların qorunması məsələlərini müzakirə etmək üçün mühüm platforma yaradır.

Onun sözlərinə görə, müasir dövrdə informasiya və dezinformasiya olduqca sürətlə yayılır, lakin ictimai etimadın formalaşması daha uzun zaman tələb edir. Süni intellektin inkişafı jurnalistika sahəsində yeni dəyişikliklərə səbəb olur və bu şəraitdə sülhün təmin olunması yalnız diplomatik proseslərdən deyil, eyni zamanda məsuliyyətli və düzgün kommunikasiya siyasətindən də asılıdır.

Prezidentin köməkçisi qeyd edib ki, müasir münaqişələr yalnız hərbi meydanlarda deyil, informasiya məkanında da davam edir. Ermənistan cəmiyyətində bəzi dairələrin hələ də revanşist mövqelər nümayiş etdirdiyini vurğulayan Hikmət Hacıyev medianın təhrif olunmuş məlumatlara qarşı mübarizə aparmaq, nifrət ritorikasından uzaq durmaq və həqiqəti müdafiə etmək məsuliyyətinin artdığını diqqətə çatdırıb.

“Baxmayaraq ki, münaqişə artıq başa çatıb, Ermənistan mediasında revanşist yanaşmalar hələ də müşahidə olunur. Həmçinin bəzi beynəlxalq media qurumları bizi yenidən qarşıdurmanın başladığı vəziyyətə qaytarmağa çalışan yanaşmalar nümayiş etdirirlər”, – deyə Hikmət Hacıyev əlavə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir