Lüks smartfon dizaynları ilə tanınan Caviar şirkəti futbol dünyasının iki böyük simasına həsr etdiyi yeni “Legends” kolleksiyasını təqdim edib.
Kolleksiya 2026-cı il futbol üzrə dünya çempionatının yekununa həsr olunub və Lionel Messi ilə Kriştianu Ronaldonun şərəfinə hazırlanmış, 24 karat qızıl örtüklü eksklüziv smartfonlardan ibarətdir.
Seriyaya Samsung Galaxy Z Fold 8 Ultra və Apple iPhone 17 Pro platformaları üzərində hazırlanmış xüsusi modellər daxildir. Cihazların standart korpusları əl işi emal elementləri, qiymətli materiallar və fərdi dizayn detalları ilə tamamilə yenilənib.
Messiyə həsr olunan versiya satışa çıxmamış Samsung Galaxy Z Fold 8 Ultra modeli əsasında hazırlanıb. Smartfonun arxa hissəsində argentinalı futbolçunun portreti, onun simvolik “10” nömrəsi və Argentina millisinin atributları əks etdirilib. Dizaynda ölkənin ağ və mavi rəng çalarlarından istifadə olunub, korpusun naxışları və çərçivəsi isə 24 karat qızıl örtüklə tamamlanıb.
256 GB yaddaş tutumuna malik modelin başlanğıc satış qiyməti 13 130 ABŞ dolları olaraq müəyyən edilib.
Kriştianu Ronaldoya həsr olunan model isə iPhone 17 Pro və iPhone 17 Pro Max bazasında hazırlanıb. Dizaynda Portuqaliya millisinin qırmızı və yaşıl rəngləri üstünlük təşkil edir. Arxa paneldə Ronaldonun portreti, məşhur “7” nömrəsi və Portuqaliya gerbi işlənib. Bu model də 24 karat qızıl örtüklə bəzədilib və 256 GB yaddaşa malik əsas versiyasının qiyməti 11 410 ABŞ dollarından başlayır.
Şirkətin açıqlamasına görə, hər iki dizayndan cəmi 19 nüsxə istehsal olunacaq. Hər bir telefon qızıl örtüklü açar, xüsusi xatirə sikkəsi və premium təqdimat qutusu ilə birlikdə alıcılara təqdim ediləcək.
Caviar həmçinin bildirib ki, sentyabr ayında keçiriləcək Apple təqdimatından sonra norveçli ulduz futbolçu Erlinq Haalanda həsr olunmuş xüsusi iPhone Ultra modelini də ictimaiyyətə təqdim etməyi planlaşdırır.
Mənbə: Qafqazinfo








