Bakıda qanunsuz liposaksiya əməliyyatı ilə bağlı araşdırma: klinikanın lisenziyası olmayıb

Bakıda qanunsuz liposaksiya əməliyyatı ilə bağlı araşdırma: klinikanın lisenziyası olmayıb

Bakıda antisanitar şəraitdə liposaksiya əməliyyatının aparılmasını əks etdirən görüntülərlə bağlı araşdırmanın nəticələri açıqlanıb.

Analitik Ekspertiza Mərkəzindən “Qafqazinfo”nun sorğusuna bildirilib ki, yayılan görüntülər köhnədir və əməliyyat 2025-ci ilin fevralında “UĞUR Estetik Mərkəzi 777” adı ilə fəaliyyət göstərən, lakin lisenziyası olmayan tibb obyektində həyata keçirilib.

Məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 176 ünvanında yerləşən obyektlə bağlı vətəndaş müraciətləri əsasında bir neçə dəfə plandankənar yoxlama aparılıb. Sonuncu yoxlama 22 iyul 2025-ci ildə keçirilib və obyektin özəl tibb fəaliyyəti üçün tələb olunan lisenziyaya malik olmadığı müəyyən edilib.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.

Araşdırmalar zamanı həmçinin müəyyən edilib ki, sözügedən mərkəzdə fəaliyyət göstərən Gülbədə Abdullayevanın ali və ya orta tibb təhsili yoxdur və o, “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatdan keçməyib.

Bildirilib ki, vətəndaş müraciəti əsasında Gülbədə Abdullayeva və onunla əməkdaşlıq edən şəxs barəsində inzibati tədbirlər görülüb, müvafiq protokollar hazırlanaraq icraata yönləndirilib.

Analitik Ekspertiza Mərkəzi qanunsuz tibbi fəaliyyətin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edib. Səhiyyə Nazirliyi tərəfindən də məsələ ilə bağlı prokurorluq orqanlarına məlumat verilib.

Mərkəz vətəndaşlara plastik cərrahiyyə və digər tibbi müdaxilələrdən əvvəl həkimin ixtisasını, qeydiyyatını və tibb müəssisəsinin qanuni fəaliyyət göstərib-göstərmədiyini yoxlamağı tövsiyə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir