Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili bölgədə gərginliyi daha da artırmaqda və beynəlxalq hüququ pozmaqda ittiham edib.
Xeberyerinde Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan bu fikirləri iyulun 29-da Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə xalqa müraciəti zamanı səsləndirib.
Türkiyə lideri bildirib ki, Yaxın Şərq son illərin ən çətin dövrlərindən birini yaşayır və hazırkı İsrail hökuməti müharibə siyasəti, eləcə də təxribat xarakterli addımları ilə regionu qeyri-sabitlik burulğanına sürükləyir.
Ərdoğan İsraili Fələstin ərazilərində işğalı genişləndirməkdə, fələstinlilərin əsas hüquqlarını və beynəlxalq hüququ pozmaqda ittiham edib. Onun sözlərinə görə, İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsi, fələstinlilərin öz torpaqlarından köçürülməsi, təzyiq və hədələr bölgədəki gərginliyin əsas səbəblərindəndir.
Türkiyə Prezidenti vurğulayıb ki, münaqişənin ağır nəticələri təkcə fələstinlilərə və livanlılara deyil, bütün regiona və müxtəlif dini icmalara təsir göstərir.
Qeyd edək ki, iyulun 29-da BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani də İsrailin Fələstin ərazilərində işğalı davam etdirməsinin beynəlxalq hüququ pozduğunu bəyan edib.

