ABŞ və İsrailin yaxın günlərdə İranın enerji infrastrukturuna son illərin ən genişmiqyaslı hava zərbələrindən birini endirməyi planlaşdırdığı iddia olunur.
Xeberyerinde xəbər verir ki, bu barədə CBS News məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, mümkün əməliyyatın həftəsonu başlaması nəzərdən keçirilir. Bildirilir ki, Vaşinqtonda hücumların bazar ertəsi maliyyə bazarları açılmazdan əvvəl başa çatdırılması variantı da müzakirə olunub. Buna səbəb əməliyyatın ABŞ və dünya iqtisadiyyatına mümkün təsirləri ilə bağlı narahatlıqlardır. Lakin yekun qərar hələ verilməyib.
ABŞ-dakı mənbələrin sözlərinə görə, İsrail proses barədə məlumatlandırılıb və Vaşinqtonla koordinasiyalı fəaliyyət göstərir. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın hələlik hərbi əməliyyata son razılığı vermədiyi bildirilir.
Digər tərəfdən, İsrail rəsmisi CBS News-a açıqlamasında ölkəsinin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası ilə bağlı qərardan xəbərsiz olduğunu və belə bir əməliyyata qoşulmaq üçün rəsmi müraciət almadığını deyib.
Mənbələr bildirirlər ki, mümkün hərbi əməliyyat planı Trampın cümə günü Kemp-Deviddə administrasiya üzvləri ilə keçirdiyi müşavirədə müzakirə olunub. Qeyd olunur ki, prezidentin bəzi siyasi müşavirləri bu planın əleyhinə çıxıblar.
Jurnalistlərin suallarını cavablandıran Donald Tramp isə bildirib: “Onlara çox güclü zərbələr endirəcəyik. Nə vaxtsa deyəcəklər ki, artıq buna dözə bilmirik.”
İki mənbənin məlumatına görə, mümkün hücumların əsas hədəfi İranın elektrik stansiyaları və neft emalı zavodları da daxil olmaqla enerji infrastrukturu olacaq.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Prezident Trampın mövqeyi dəyişməyib və onun administrasiyası dövründə İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək.
Pentaqonun sözçüsü Şon Parnell isə prezident yekun qərar verməyənədək mümkün hədəflərlə bağlı hər hansı şərh verməyəcəklərini açıqlayıb.

