Fransanın Jirond (Gironde) bölgəsində günlərlə davam edən meşə yanğını zamanı İkinci Dünya müharibəsindən qalan sursatların partlaması böyük təhlükəyə səbəb olub.
Yerli yanğınsöndürmə xidmətinin məlumatına görə, əvvəlcə qaz balonlarının partlaması hesab edilən güclü partlayışların əslində yüksək temperaturun təsiri ilə II Dünya müharibəsindən qalan mərmilərin və digər sursatların işə düşməsi nəticəsində baş verdiyi müəyyənləşib.
Le Porj (Le Porge) şəhərinin meri Martial Zaninetti bildirib ki, yanğının ikinci gecəsi 100-dən çox partlayış səsi eşidilib və vəziyyət “müharibə səhnəsini xatırladırdı”. O qeyd edib ki, sursatlar müxtəlif istiqamətlərə səpələnib, hətta mərmilərdən biri yaşayış evinin içərisindən keçib.
Mer əlavə edib ki, bələdiyyənin həmin ərazidə gizli sursat anbarının mövcudluğundan xəbəri olmayıb.
Hadisə nəticəsində 180-dən çox evə ziyan dəyib. Mina və partlamamış sursatların zərərsizləşdirilməsi üzrə qrupların müdaxiləsindən sonra sakinlərin əksəriyyəti evlərinə qayıtsa da, okean sahili, düşərgə ərazisi və La Jenny kəndi ətrafında təhlükəsizlik səbəbindən giriş məhdudiyyətləri qüvvədə qalır.
Fransa mətbuatının məlumatına görə, aşkarlanan sursatlar Fransa və Almaniya ordularına məxsus olub. Onların arasında minaatan və tank əleyhinə mərmilər də var.
Qeyd edək ki, Jirond bölgəsində təxminən 10 gün davam edən meşə yanğını nəhayət nəzarət altına alınıb, lakin ərazidə təhlükəsizlik və axtarış işləri davam etdirilir.

