Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges ölkədə baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayının 6 125 nəfərə, yaralananların sayının isə 16 740 nəfərə çatdığını açıqlayıb.
Müvəqqəti dövlət başçısı Delsi Rodriges isə ilin sonunadək zəlzələdən zərər çəkən ailələr üçün 4 min yeni mənzilin təhvil veriləcəyini bildirib. Onun sözlərinə görə, bundan əlavə, yeni yaşayış layihələrinin tikintisi üçün də hazırlıq işləri davam etdirilir.
Rodriges vurğulayıb ki, hökumət təbii fəlakətdən zərər çəkən vətəndaşları tək qoymayacaq və çadır düşərgələrində qalan insanların daimi yaşayışla təmin olunması istiqamətində işlər davam edəcək.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş vermişdi. BMT-nin hesablamasına görə, təbii fəlakətin vurduğu maddi zərərin həcmi 6,7 milyard dollar təşkil edir.

