Meksikanın Quanaxuato (Guanajuato) ştatının Leon şəhərində keçirilən Yay Festivalı çərçivəsində təşkil olunan Leon Dövlət Yarmarkasında baş verən güclü fırtına attraksionda olan ziyarətçilərə qorxu dolu anlar yaşadıb.
“Uçan yelləncək” attraksionuna minən bir qrup gənc əylənərkən qəfil başlayan leysan yağışı, güclü külək və ildırım attraksionun fəaliyyətini təhlükəyə atıb. Nəticədə sərnişinlər yüksəkdə havadan asılı vəziyyətdə qalıblar.
Hadisə zamanı çəkilən görüntülərdə yelləncəklərin sürətinin azaldığı, bəzilərinin isə bir-birinə toxunduğu əks olunub. Güclü külək və yağış səbəbindən attraksionun təhlükəsiz şəkildə dayandırılması gecikdiyi üçün ziyarətçilər bir müddət havada gözləməli olublar.
Yerli hakimiyyət orqanlarının və KİV-in məlumatına görə, hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan və ya həyatını itirən olmayıb. Təhlükəsizlik məqsədilə attraksionun fəaliyyəti dayandırılıb və texniki yoxlamalara başlanılıb.
Hadisənin videogörüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İstifadəçilər əyləncə parklarında tətbiq olunan təhlükəsizlik tədbirlərinin yetərli olub-olmaması ilə bağlı müzakirələr aparıblar.

