Sumqayıt şəhərində avtomobil təmiri sexində yanğın baş verib.
Xeberyerinde xəbər verir ki, bu gün FHN-in “112” qaynar telefon xəttinə şəhərin Koroğlu prospektində yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub.
Yanğının yayılma riski yüksək olub
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının bir dam altında yerləşən, ümumi sahəsi 1 600 kvadratmetr olan obyektlərdən avtomobil təmiri sexi və ehtiyat hissələrinin satışı mağazası kimi fəaliyyət göstərən hissədə baş verdiyi müəyyən edilib.
Yanğının digər obyektlərə yayılma riskinin yüksək olduğu nəzərə alınaraq, əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən operativ tədbirlər görülüb.
Digər obyektlər yanğından qorunub
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun digər obyektlərə keçməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Bitişik yerləşən digər obyektlər yanğından mühafizə olunub.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

