Bakı Mühəndislik Universitetinin (BMU) magistrantı Çinin tarixi Dunxuan bölgəsində maraqlı elmi-tədqiqat layihəsində iştirak edib.
Xeber Yerində xəbər verir ki, BMU ilə Pekin İnşaat və Memarlıq Universitetinin (BUCEA) ikili diplom proqramı çərçivəsində Çində təhsil alan Sənur Məmmədli Dunxuan bölgəsində elmi araşdırmalar aparıb.
30 qədim mağarada araşdırma aparılıb
Gənc tədqiqatçı səfər zamanı süni intellekt, mədəniyyət və incəsənətin kəsişməsini araşdırıb. Əsas diqqət UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Mogao və Yulin mağaralarının divar rəsmlərinin süni intellekt modelləri vasitəsilə bərpasına yönəldilib.
Araşdırma çərçivəsində yaşı min ildən çox olan 30 mağarada elmi incələmələr aparılıb. Mogao mağaralarında 21, Yulin mağaralarında isə 9 mağara tədqiq edilib.
Səfər zamanı İpək Yolunun mühüm tarixi abidələrindən olan Yumenguan keçidi də ziyarət olunub.
Çinli alim və məşhur rəssamlarla görüşlər
Sənur Məmmədli Dunxuan Akademiyasının təşkil etdiyi seminarlarda iştirak edib, məşhur alim və professor Liu Yongzeng ilə elmi müzakirələr aparıb.
Bundan başqa, dünyaca məşhur rəssamlar Zhang Huan və Hu Junjun ilə görüşlər keçirilib. Görüşlərdə süni intellektin müasir incəsənətə inteqrasiyası imkanları müzakirə olunub.
Tədqiqat zamanı götürülən freska nümunələrinin süni intellekt modelləri vasitəsilə bərpası istiqamətində də işlər aparılıb.
Elmi fəaliyyətə və sənət emalatxanalarında fəal iştirakına görə Sənur Məmmədli proqramın sonunda Dunxuan Akademiyası tərəfindən xüsusi sertifikat və hədiyyələrlə təltif edilib.
Qeyd edək ki, BMU və BUCEA arasında magistratura səviyyəsində ikili diplom proqramına ötən ildən başlanılıb. Proqramı uğurla başa vuran tələbələr hər iki universitetin magistr diplomunu əldə edəcəklər.
Mənbə: Qafqazinfo




